• 21:19

Şəhidlərimiz dəfn olundular

03 Avqust 2014, 04:16

Cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan Sumqayıt, Xaçmaz, Saylan, Masallı, Quba, Tovuz şəhərindən hərbi xidmətə çağırılmış şəhidlərimiz dəfn ediliblər.

1995-ci il təvəllüdlü Abdinov Hüseyn Etibar oğlu bu gün Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Cəbhə xəttində şəhid olan Xaçmaz rayon sakini, 18 yaşlı Əlicoşqunov Mustafa Əhməd oğlu yaşadığı Yeni Həyat qəsəbəsində torpağa tapşırılıb.

Cəbhədə gedən qızğın döyüşlərdə şəhid olan digər əsgərimiz Səftər Məmmədov isə Salyanda doğulduğu Seyidsadıqlı kənd qəbiristanlığına dəfn olunub. 

19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi doğulduğu Masallı rayonuna aparılıb. Əsgər doğma kəndləri olan Köçəkli kənd qəbirsanlığında torpağa tapşırılıb.

Şəhid olan hərbiçilərdən 19 yaşlı Quba rayon Vladimirovka kənd sakini İbrahimov Elnur Mühəddin oğlu doğulduğu Vladimirovka kəndinin qəbirstanlığnda torpağa tapşırılıb.

Digər 19 yaşlı şəhidimiz Tovuz rayonunun Aşağı Öysüzlü kəndindən olan əsgər Vüqar Poladov Tərtər rayonunda şəhidlik zirvəsinə ucalaraq elə doğulduğu kənddə dəfn edilib.

1977 ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb.

Şəhidlərimizlə vida mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, rayon İcra Hakimiyyətlərinin rayon ictimaiyyətinin nümayəndələri, 100 – lərlə kənd sakini, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, o cümlədən şəhidlərimizin ailə üzvləri, yaxınları iştirak ediblər.

Nazirlik nümayəndələri çıxışlarında şəhidlərimizin göstərdiyi şücayətdən danışıb. Şəhidlərimizin ailələrinə başsağlığı verilib, şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidlərimizin cənazələri dövlət rəmzi olan 3 rəngli bayrağa bükülüb. Ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında şəhidlərimiz son mənzilə yola salınıb.

Sonda tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə olaraq saxlanılması üçün şəhidlərimiz ailələrinə təqdim edilib.