• 19:36

Bakıda Regional Rabitə Birliyinin 54-cü iclası keçirilib

  • 16
04 Dekabr 2018, 15:47

Bakıda bu gündən başlayaraq dekabrın 7-nə qədər keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı ("Bakutel - 2018") çərçivəsində Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib.

 

İnterAz xəbər verir ki, iclasda Regional Rabitə Birliyinin Rabitə Administrasiyası nümayəndə heyətinin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) builki Səlahiyyətli Konfransında fəaliyyəti ilə bağlı yekunlar, eləcə də Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə fəaliyyəti kimi əsas məsələlər müzakirə edilib.

 

İclasa Regional Rabitə Birliyi Şurası və Koordinasiya Şurasının sədri, Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov sədrlik edib.

 

Daha sonra Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib. O, Bakıda keçirilən növbədənkənar iclası dəstəklədiklərinə görə, üzv ölkələrə təşəkkür edib.

 

Tədbirdə Regional Rabitə Birliyinin tamhüquqlu üzvləri olan Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan, Regional Rabitə Birliyinin müşahidəçiləri Latviya və Sloveniya rabitə administrasiyalarının, "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatının, eləcə də "Eutelsat" Beynəlxalq Peyk Təşkilatının və Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə nümayəndə heyətləri iştirak edib.