• 19:31

Bakıda "Bakutel - 2018" sərgisi öz işinə başlayıb

  • 24
04 Dekabr 2018, 15:48

Bu gün Bakı Ekspo Mərkəzdə XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi öz işinə başlayıb.

 

İnterAz-ın verdiyi məlumata görə, sərgidə Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak edib.

 

Sərginin açılış mərasimində məlumat verilib ki,  "Bakutel 2018" sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" şirkəti, baş sponsoru qismində müntəzəm iştirakçısı olan "Azercell Telecom" çıxış edir.

 

Bu il sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri və gənc ixtiraçılar var.

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan "Bakutel 2018" sərgisində ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş olunur.

 

Builki sərgi bir real innovasiya festivalı da təqdim edilir. Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, "Ağıllı Şəhər" (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər təklif olunur. Hər il iştirakçıların siyahısına yeni şirkətlər əlavə olunur, sərginin ekspozisiyası genişlənir. Bu il debütantlar arasında “Silk Way Biznes Aviasiya”, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), "Sistematiks" (Rusiya), "Suntech" (Polşa) və digərləri yer alır.

 

Sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı keçiriləcək. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin "Bakutel" sərgisi çərçivəsində "B2B" formatlı görüşlər təşkil olunacaq. İşgüzar görüşlər və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını xoş sürprizlər, eləcə də müsabiqə və viktorinalar gözləyir.