• 20:05

Bakıda yerləşən uşaq evlərinin sakinləri “Bakutel-2018” sərgisinə ekskursiya ediblər

  • 16
07 Dekabr 2018, 14:29

“Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası təşkil olunub.

 

İnterAz-ın verdiyi məlumata görə, Bakı şəhərində yerləşən 2 və 3 saylı uşaq evlərindən 60-dan çox oğlan və qız “Bakutel-2018”in pavilyon və stendləri ilə tanış olublar. Onlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin stendində təqdim olunan robotexnikaya xüsusi maraq göstəriblər. Startapçılar uşaqlara robotların yaradılması, onların idarə olunması barədə məlumat veriblər. “Azərmarka” MMC-yə məxsus stenddəki rəngarəng marka nümunələri azyaşlıların xüsusi diqqətini çəkib. Onlara milli marka nümunələri və digər hədiyyələr təqdim edilib. Azərbaycanın ilk Regional Data Mərkəzinin xidmətlərinin nümayiş olunduğu “AzInteTelecom” MMC-nin stendi də uşaqlarda xüsusi maraq yaradıb. Onlar sərgidə fəaliyyət göstərən digər pavilyonlarla da tanış olub və innovativ oyun zonasında əyləniblər. Uşaqlara “Külək: Yer kürəsinin şahzadəsi” - Azərbaycanın ilk virtual reallıq kitabı hədiyyə olunub.

 

Xatırladaq ki, Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Bakutel-2018” sərgi-konfransı keçirilir.