• 05:43

İlahiyyat institutunun rektoru Gəncədə orta məktəb şagirdləri ilə görüşüb

  • 9
12 Aprel 2019, 15:45

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Gəncə şəhərinə olub.

 

Aİİ-dən İnterAz-a verilən məlumata görə, rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və İnstitutun əməkdaşları səfər çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) və “İmamzadə” dini kompleksində olublar.

 

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusibovla görüşüb. GDU-nun rektoru Y.Yusibov Universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs edib. Universitet rəsmisi Aİİ ilə GDU arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib.

 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Gəncə Dövlət Universitetində baş tutan görüşdən məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsi ilə Aİİ arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumat verən C.Məmmədov xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.

 

Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq; maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma; birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması; iki ali təhsil müəssisəsi arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları; yay məktəbi çərçivəsində ikitərəfli görüşlərin təşkili barədə müzakirələr aparılıb.

 

Daha sonra “İmamzadə” dini kompleksini ziyarət edən Aİİ-nin rektoru C.Məmmədov və İnstitutun əməkdaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı ilə təmir və bərpa olunan komplekslə yaxından tanış olublar.

 

Gəncə Şəhər “İmamzadə ziyarətgah” məscidi dini icmasının üzvü Elbrus Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev bu abidə-ziyarətgahın təmiri və bərpası ilə bağlı xüsusi sərəncam imzalayıb. Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb, 2016-cı ildə isə bərpa işləri sona çatıb və müsəlmanların istifadəsinə verilib. Qeyd olunub ki, VIII əsrə aid tarixi-memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli dini-mədəniyyət nümunələrindən biri hesab edilir.

 

Ziyarətgahın ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.