• 18:21

Bu gün Məhərrəm ayının 10-u hüznlü Aşura günüdür

  • 17
10 Sentyabr 2019, 16:00

Bu gün Aşuradır. Hicri-qəməri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əli  və Xanım Fatimənin  oğlu, müsəlmanların 3-cü imamı – imam Hüseyn  və tərəfdarları Kərbəlada Yezidin göndərdiyi qoşun tərəfindən şəhid edilib.

 

Həmən qanlı hadisələrdən 13 əsirdən artıq zaman ötməsinə baxmayaraq, bu gün, hər il müsəlmanlar tərəfindən matəm günü kimi qeyd edilir.

 

İnsani itkiləri baxımından hicri 61-ci ildən sonra bəşər tarixi daha qanlı, daha irimiqyaslı faciələrə şahidlik edib. Amma onların hamısı sadəcə olaraq bir tarixi fakt kimi sənədlərdə yaşamaqdadır. Təqribən 72 nəfərin Kərbəladakı qətliamı isə nəsildən nəsilə ötürülməklə milyonlarla insanın həqiqi ürək yarası, qəlb dağıdır. Bunun səbəbini isə Kərbəla şəhidlərinin Allaha, Peyğəmbərə, Qurana və Əhli-beytə xalis bağlılıqlarında aramaq lazımdır. 

 

Quran heç zaman köhnəlməyən, unudulmayan, öz qüvvəsini itirməyən bir kitabdır. İmam Hüseynin (ə) müsibəti də qiyamətə kimi möminlərin qəlbini sızladar, yaddaşlardan silinməz. Hər il bu müsibət qeyd olunar, könüllər riqqətə gələr, gözlər yaşla dolar. Peyğəmbərin buyurduğu kimi, Hüseynin (ə) qətli ürəklərdə elə bir hərarət yaradar ki, qiyamətə kimi sönməz.

 

Quranı oxumaq, ona qulaq asmaq, hətta Quranın yazısına baxmaq savabdır və ibadətdir. İmam Hüseynin (ə) də müsibətini zikr etmək, növhə demək, ağlamaq və başqasını ağlatmaq, əza məclislərində iştirak etmək, Hüseyni ziyarət etmək, onun zəvvarlarına xidmət göstərmək böyük savaba malikdir.