• 03:41

Sumqayıt şəhərində Bilik Günü qeyd olunub

  • 2
16 Sentyabr 2019, 14:13

Bu gün Azərbaycanda Bilik Günüdür. Təhsil naziri Ceyhun Bayramov “2019-2020-ci tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladığı əmrə əsasən, Azərbaycanın bütün ümumtəhsil məktəblərində bu gün“Bilik günü” təntənəli şəkildə qeyd edilib. Əlamətdar gün münasibətilə ölkənin hər yerində olduğu kimi Sumqayıt şəhərində yerləşən orta məktəblərdə də “birincilər” üçün ilk zəng çalınıb.

 

Məktəblərdə təşkil olunun tədbirlərdə şagirdlər bir-birindən maraqlı çıxışlar, rəqslər ediblər. İlk dərs günü məktəb həyatına hələ alışmayan, onun mahiyyətini dərk etməyən birincilərə fərqli hisslər yaşadıb. 

 

Bilik günündə ən çox sevinənlər, həyəcanlı olanlar ilk dəfə məktəb həyatına qədəm qoyan, birinci sinifə gedən balacalar və onların valideyinləridir.  Belə ki, birincilər qədər onların valideyinləri və müəllimləri də ilk dərs gününün həyəcanını yaşayırdılar.

 

Qeyd edək ki, ilin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 525 min 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 min 259-u qız, 810 min 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 min 234, IX sinfində 122 min 043, XI sinfində isə 82 min 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

 

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

 

Ümid edirik ki, bu birincilər yaxşı təhsil alıb gələcəyin yüksək təhsilli və layiqli vətəndaşları olacaq. 

 

Biz də bu ilk məktəb həyatına qədəm qoyan birinciləri, şagird və tələbələri, onların valideyinlərini, müəllim olaraq fəaliyyətə başlayan gəncləri bu gözəl bayram münasibətilə təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.