• 13:24

Ağsu sakinini it dişləyib

  • 3
08 Oktyabr 2019, 14:07

İt ən sadiq heyvandır deyirlər. Ömrü boyu öz sahibinə sadiq qaldıqlarına görə itlər sadiqliyin simvoluna çevrilib. Amma bu dəfəki şahidi olduğumuz hadisə və sizlərçün hazırladığımız süjetimizdə heç də itlərin sahiblərinə qarşı sadiqliyindən yox, əksinə onların “xəyanət”indən danışacağıq. 

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Abasxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü - Məmmədova Xalidə Tapdıq qızı həyətyanı sahədə gəzərkən onu it dişləyib. Zərərçəkən bildirib ki, onu dişləyən elə öz həyətlərində saxladıqları it olub və indiyə kimi belə bir hal qətiyyən baş verməyib. 

 

 

Xalidə Məmmədova ilə söhbətimiz zamanı onun əlinin üst dəri nahiyəsindəki kəskin qaraltılar diqqətimizi çəkirdi və bu hal bizi narahat edirdi. Söhbətimiz bitənə kimi təlaşımızı biruzə verməməyə çalışırdıq. Həkimdən qaraltıların səbəbini soruşduqda o bildirdi ki, xoşbəxtlikdən vaxtında xəstəxanaya gəlib. Əl nahiyəsindəki qaraltıların isə dişləmə nəticəsində zədələnən xırda kapilyarların fəsadı olduğunu dedi və bir neçə gündən sonra sağalacağını sözlərinə əlavə etdi.

 

 

Hadisə yeri ilə və zərərçəkənlə telefon əlaqəsi saxladığım zaman sahibini dişləyən iti də görmək istədiyimi bildirdim. Əslində, bunu niyə istədiyimi bilmirdim, amma düşünürdüm ki, iti görüncə nəsə qeyri-adi hal ilə rastlaşacam. Diqqətimizi çəkən daha bir hal isə həmin itin qulaqlarının və quyruğunun olmaması idi. Sadəcə olaraq anadangəlmə belə doğulmamışdı. Çox yaxına gedə bilməsək də, dəmir barmaqlıqlar arxasından baxınca itin qulaqlarının tamamən,  quyruğunun isə qismən kəsildiyini gördüm. Sahibindən itin niyə belə olduğunu soruşunca bildirdi ki, bu it bizə gələndən belədir.  Demək ki, daha əvvəl kimsə itin qulaqlarını və quyruğunu kəsib. Dilsiz-ağızsız heyvan diri ikən, acını hiss edə-edə kəsiblər hətta. Artıq buradan yeni bir mövzu çıxır ortaya. O cür amansızlıqla qulaqları və quyruğu kəsilən itin hislərimi qalar, sevgi-sədaqətimi qalar ki, bu gün biz onu sahibini dişləyib deyə qınayır və bəlkə də sadiqlik rəmzinə yaraşdırmırıq. Heyvanın orqanlarının kəsilməsi ilə bağlı ekspertlərdən fikir istədiyimizdə itin qulaqlarının və quyruğunun, əsasən, körpə vaxtlarında kəsildiyini və bunun da bir üsul olduğunu bildirdilər. Hətta belə bir deyim də var ki, qulaqları böyüyən it yaltaq olar. Məhz bu yaltaqlığın qarşısını almaq üçün, itin döyüş ruhunda, qəzəbli böyüməsi üçün bu addımı atırlar. Lakin bəzən də bu qəzəb elə insanın özünə tuş gəlir, həm də heç gözləmədiyi anda...

 

Şəxsi fikrimə gəlincə belə bir şeylə qətiyyən razı deyiləm. Çünki bütün varlıqları yaradan tək bir qüvvə var və düşünürəm ki, biz bəndələrin o yaradılış formasını dəyişməyə ixtiyarı yoxdur. Ən ali varlıq olan insanda belə kəskin acı olunca mütləq onun psixologiyasına təsir edir və aylarla, bəzən illərlə çıxa bilmir insan o təsirdən. Sırf bu nöqteyi nəzərdən ətrafımızdakı yalnızca insanlara deyil, heyvanlara, quşlara, təbiətə- bir sözlə Allahın bizə bəxş bütün nemətlərə, bütün varlıqlara hörmətlə, sayqıyla yanaşmaq hər bir insanın ən ümdə borcudur.  Bu dəfə xoşbəxtlikdən Xəyalə Məmmədova elə də ciddi olmayan  xəsarətlə canını qurtardı, amma sabah, bəlkə o birisi gün bir başqası belə bədbəxt hadisənin qurbanı ola bilər. Odur ki, atalarımız demişkən “Nə tökərsən aşına, o da çıxar qaşığına...”.