• 15:48

Peyvənd etmək lazımdırmı?

07 Noyabr 2019, 13:53

Son bir neçə ildə peyvənd haqqında ölkədə çaşbaşlıq yaranıb. İnsanlar arasında peyvənd xofu yaranıb desək heç də yanılmarıq. Peyvəndin lazımlılığı ilə bağlı bir çox müzakirələr gedir. Mediada peyvənddən ölən uşaqlar tez-tez gündəmə gəlir və valideynlərin beynində bir sual yaranır: Peyvənd etmək lazımdırmı?

 

Ümumdünya Səhiyyə Təşkilatı hesabatlarında peyvənd vasitəsilə dünyadan silinən və ya silinmə mərhələsində olan 6 xəstəlik olduğunu qeyd edib. Bu xəstəliklərin başında çiçək xəstəliyi gəlir ki, bu xəstəlikdən  XVİİİ əsrin sonunda təkcə Avropada yarım milyon insan həyatını itirib. Bundan əlavə, Polimielit, Difteriya, Məxmərək, Qızılca və xalq arasında Qulaqdibi xəstəliyi adı ilə tanınan  Epidemik Parotit xəstəlikləri də yox olma siyahısındadır və  birinci sinif dünya ölkələrində artıq  bu xəstəliklər tamamilə yoxa çıxıblar.

 

Çoxları düşünə bilər ki, bəs nəyə görə peyvənddən ölən uşaqlarla bağlı xəbərlər mediada yayılır, yaxud ABŞ-da yox olan xəstəlik bizdə niyə yox olmur? İlk növbədə Ümumdünya Səhiyyə Təşkilatının tutumunu və yerli səhiyyə infrastrukturunu dilə gətirmək lazımdır.

 

Peyvəndlər xüsusi şəraitdə saxlanılan maddələrdir, əgər preparatlara lazımi şərait yaradılmasa, fəsadlar formalaşdırır. Professor Adil Qeybullanın sözlərinə görə,  uşaqlar peyvəndləmədən öncə ciddi şəkildə yoxlanılmalıdır. Peyvənd tam sağlam uşaqlara vurulur, çünki vaksinasiyadan sonra uşaqda problemlər formalaşa bilər. Həll yolu isə uşaqları vaksinasiyadan yayındırmaq deyil, əksinə həkimlərə və qurumlara qarşı tələbkar olmaq, öncədən məlumatlı olmaqdır.

 

Sonda onu da qeyd edək ki, uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır.

 

Peyvənd vurdurmamaq yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Tibbi səbəblər üzündən, eləcə də peyvəndə qarşı allergiyası olan uşaqların yolxucu xəstəliklərdən qorunması ətrafındakı insanların immunitet sisteminin möhkəm olmasından asılıdır.