• 07:49

MSK Şirvanda regional seminar-müşavirə keçirib

15 Noyabr 2019, 16:03

Şirvanda qarışdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramına əsasən, seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda regional seminar-müşavirə keçirilib.

 

Tədbirin gündəliyinə uyğun olaraq, açılış nitqlərindən sonra seminar-müşavirədə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Şirvan Apelyasiya Məhkəməsinin təmsilçiləri tərəfindən “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirilib və çıxışlar dinlənilib. MSK-nın üzvləri, Komissiyanın aidiyyəti struktur bölmələrinin əməkdaşları və region üzrə dairə seçki komissiyaları sədrlərinin qatıldığı tədbirin yekununda seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək  ki, bu il bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi üçün genişmiqyaslı maarifləndirmə layihələrindən biri kimi Gəncədə, Şəkidə gerçəkləşdirilən seminar-müşavirələr, Şirvandan sonra noyabrın 18-də Naxçıvan Muxtar Respublikasında da keçirilməklə bütün dairə seçki komissiyalarını əhatə edəcək.