• 14:38

"Aqrar Tədarük və Təchizat" ASC-nin Gəncə Regional İdarəsinə Media tur təşkil olunub

02 Dekabr 2019, 15:54

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional İdarəsinin anbarında media işçiləri üçün "Açıq qapı" günü təşkil olunub. Anbarda jurnalistlərə Gəncə Regional İdarəsinin iş prinsipi barədə məlumat verilib, onlar ərzaq məhsullarının saxlanma şəraiti və yük maşınlarına yüklənmə prosesi ilə yaxından tanış olublar. 

 

Jurnalistlərin suallarını cavablandıran ATT-nin Tədarük və Təchizat departamentinin direktoru Rəşad Kərimov idarənin Gəncə şəhəri və ətraf rayonlarda ümumilikdə 125 dövlət qurumunun ərzaq təchizatını həyata keçirdiyini bildirilib.

 

Daha sonra isə jurnalistlər ATT tərəfindən ərzaq məhsulları ilə təchiz olunan 32 saylı körpələr evi-uşaq baxçasına baş çəkiblər. Onlar burada ərzaq məhsullarının təhvil-təslim prosesini izləyiblər.

 

Jurnalistlərin növbəti baş çəkdikləri ünvan isə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası olub. Onlar burada da məhsulların təhvil-təslim prosesinə şahidlik ediblər.

 

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC nizamnaməsindən irəli gələrək fermerlərdən və yerli qida məhsulları istehsalçılarından tədarük etdiyi məhsullarla müxtəlif satınalan dövlət qurumlarının və özəl təşkilatların ərzaq təchizatını həyata keçirir. İş fəaliyyəti ilə bağlı mütəmadi olaraq mediaya və ictimaiyyətə məlumat verən qurum bundan sonra da oxşar tədbirlər təşkil etməyə davam edəcək.