• 08:48

Azərbaycan memarlığının incilərindən olan Cümə məscidi

14 Yanvar 2020, 11:50

Gəncənin mərkəzində yerləşən və xalq arasında Cümə məscidi və yaxınlığında yerləşən Çökək hamamI kimi tanınan möhtəşəm abidələrin memarı Şeyx Bahəddin Məhəmməd Amildir. XVII əsr Azərbaycan memarlığının böyük əsərlərindən sayılan bu abidələr 1606-cı ildə Şah Abbasın göstərişi əsasında inşa edilib.

 

Məbədin ibadət salonunun sahəsi çox genişdir və hündürlüyü ilə fərqlənir. 1920-ci ildə bolşeviklər tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən məscidin minarələrindən biri əyilib. Həmin il Gəncə şəhər Xeyriyyə Cəmiyyəti tərəfindən bərpa işləri aparılsa da əyilmiş minarəni tam bərpa etmək mümkün olmayıb. Bünövrəsi möhkəm olduğundan əyilmiş minarə günümüzə qədər gəlib çıxıb.

 

Görkəmli ədib Mirzə Şəfi Vazeh uzun müddət bu məscidin mədrəsəsində xəttatlıqdan dərs deyib. Məhz burada xalqımızın böyük mütəfəkkiri Mirzə Fətəli Axundov ondan dərs alıb.

 

Məscid kompleksinin ərazisi dördbucaqlı formasındadır. Hazırda Şah Abbas məscidi iri giriş tağından, iki qoşa minarədən və böyük məscid binasından ibarətdir. Vaxtilə kompleksin tərkibinə daxil olan mədrəsə, xan qəbiristanlığı və dəstəmaz hovuzu sovet hakimiyyəti illərində dağıdılıb. Mədrəsənin məscidlə müştərək kitabxanası fəaliyyət göstərsə də keçən əsrin otuzuncu illərinin sonunda kitablar abidənin həyətində yandırılıb.

 

2008-ci ildə Prezident İlham Əliyevin şəxsi göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən Şah Abbas məscidində əsaslı bərpa işləri aparılıb. İbadətgahın qapı-pəncərələri dəyişdirilib, şəbəkələr yenidən işlənərək əsrarəngiz görkəm verilib və divarları xüsusi zövqlə rənglənib. Məsciddə hazırda dövlət qeydiyyatından keçən dini icma fəaliyyət göstərir

 

Hamamın "Çökək hamam" adlandırılması texniki quruluşdan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün hamam çökəkdə inşa edilib. Tikilinin altındakı zirzəmi isə qızdırıcı soba rolunu oynayır. Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsi ilə hamamın altının və divarlarının qızdırılmasını təmin edirdi. Digər tərəfdən isti suyun özünü də kirəmit borularla divarın içərisindən dolanma yollarla istifadə nöqtəsinə çatdırılır.

 

2002-ci ildən Çökək hamam beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu aldı və UNESCO tərəfindən mühafizə olunur.

 

Abidə 2013 -cü ildə təmir olunub. Restavrasiya zamanı tarixi orijinallıq saxlanılmasına çalışılmışdır. Bərpa işləri köhnə kərpiçlə aparılıb. Eyni zamanda daxildən suların hamama daxil olmaması üçün izolyasiya işləridə aparılıb.