• 02:07

Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkəti çətinləşib

11 Fevral 2020, 13:37

Qarlı-şaxtalı hava Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkətini çətinləşdirib. Nəticədə Gədəbəydə keçirilən idman yarışından geri qayıdan yeniyetmələrin olduğu mikroavtobus gecə saatlarında yolda qalıb. Köməyə gələn Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları nəqliyyat vasitəsinin təhlükəsiz hərəkətini təmin etməklə mənzil başına çatmasına şərait yaradıb. Əməkdaşımız Natiq Hüseyn də gecə saatlarında reallaşdırılan əməliyyatın şahidi olub.

 

Şaxtalı hava qarla müşayiət olunduğundan axşam saatlarında Şəmkir-Gədəbəy yolu avtomobillərin hərəkəti üçün xeyli çətinləşir. Ötən gecə isə hətta nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub. Yolda qalanlar sırasında Gədəbəydən idman yarışından qayıdan yeniyetmələr də olub. Ərazidə xidmət aparan Şəmkir rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları mikroavtobusun yolda qaldığını görərək nəqliyyat vasitəsinə yaxınlaşıblar və yeniyetmələrin təxliyəsini həyata keçiriblər.  

 

Yol polisləri gecə yolda qalan digər nəqliyyat vasitələrinin sürücülərinə də köməklik göstərərək onlarla təbliğat xarakterli söhbətlər aparıb. Havaların qarlı-buzlu keçməsi ilə əlaqədar mövsümi şinləri ilə təchiz edilməyən nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyyə olunub.  

 

Yol polisləri xüsusilə də dağ rayonlarına hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə qış mövsümünə uyğun təhlükəszilik qaydalarına əməl olunmasını tövsiyyə edir.