• 17:22

Sərnişin daşıyan ambulans sürücüsü işdən azad edilib

24 Mart 2020, 12:23

Mart ayının 22-də, saat 13:00 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasından Bakıya təcili-tibbi yardım maşını yola düşüb.

 

Bu zaman maşında 2 nəfər xəstə olub və onlar, həqiqətən də, müayinə olmaları üçün göndəriş əsasında Bakıda yerləşən xəstəxanalardan birinə göndəriliblər. Yola düşərkən maşında sürücü ilə birlikdə 3 nəfər olub. Lakin nəzarət buraxılış məntəqəsini keçərkən polislər tərəfindən maşında sürücüdən əlavə 4 nəfər aşkar edilib. Sürücü onların hamısının xəstə olduğuna inandırmağa çalışsa da, bacarmayıb.  Məlum olub ki, sürücü yolda 2 nəfəri müəyyən məbləğ qarşılığında sərnişin kimi götürüb. Postu keçmək istəyəndə isə yaxalanıb. Və o an baş verən hadisə anbaan həvəskar kamera vasitəsilə lentə alınaraq sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Məlumatı təsdiq etdilər və bildirdilər ki, sürücü Səmədov Sadiq Yarıməmməd oğlunun etdiyi hərəkət birmənalı şəkildə qəbulolunmaz və bağışlanmazdır. Elə bu səbəblə də sürücü  artıq işdən azad edilib. 

 

 Ümid edirik ki, bu cür hallar daha baş verməyəcək və bu qlobal bəlaya qarşı atılan addımlarda xalq olaraq bərabər mübarizə aparacaq, əmr və qanunları pozmayacağıq.