• 12:41

“Bir-birimizi qoruyaq!” kampaniyasına Quba rayonunun gənc könüllüləri də qoşulublar

25 May 2020, 14:25

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən başlanılan “Bir-birimizi qoruyaq!” kampaniyasına Quba rayonunun gənc könüllüləri də həvəslə qoşulublar. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması ilə əlaqədar belə tədbirlər, sosial layihələr davamlı xarakter daşıyır. Əsas məqsəd gəncləri insanlara faydalı ola biləcək işlərə cəlb etmək, eyni zamanda, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaqdır.

 

Kampaniya çərçivəsində gənclər Quba şəhəri ərazisində insanların sıx toplaşdığı yerlərdə vətəndaşlar arasında maarifləndirmə işləri aparıb, onlara pandemiyaya qarşı istifadə üçün əlcək və tibbi maskalar paylayıblar.

 

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə martın 27-də 13 ictimai birlik və təşkilatı özündə birləşdirən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi yaradılıb. Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Mərkəz respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllüləri səfərbər edib.