• 15:32

Abşeronda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

27 Iyun 2020, 13:43

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evdə külli miqdarda narkotik vasitə, odlu silah-sursat gizlədən, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı Sumqayıt şəhərində qeydiyyatda olan, əvvəllər məhkum edilən Eldar Dövlətov tutularaq istintaqa təqdim olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterAz-a bildiriblər ki, onun Abşeron rayonunun Saray qəsəbəsində yerləşən evinə baxış zamanı 500 qrama yaxın qurudulmuş marixuana, 15 qramdan artıq tiryək, elektron tərəzi və çətənə toxumları aşkarlanaraq götürülüb. Həyətyanı sahəyə baxış zamanı Eldar Dövlətovun orada əkdiyi əlavə 4 çətənə bitkisi də aşkar olunub.

 

İstintaq tədbirlərinin davamında müəyyən edilib ki, saxlanılan şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat da gizlədib. Polis əməkdaşları tərəfindən mənzilə baxış zamanı Eldar Dövlətova məxsus “Makarov” markalı tapança, “F-1” əl qumbarası və alışqanı, 49 patron, 3 patron darağı və bir pnevmatik tapança da aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitə və silah-sursatın ona məxsus olduğunu etiraf edib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Eldar Dövlətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təddbiri seçilib. Onunla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.