• 16:51

Kürdəmirdə məktəb binası qəzalı vəziyyətdədir

29 Sentyabr 2020, 11:58

Kürdəmirdə Məmməd Əmin Rəsulzadənin adını daşıyan şəhər 2 saylı tam orta məktəb-liseyin binası qəzalı vəziyyətdədir. Bu barədə məktəb kollektivi öz müraciətlərində bildirib. 50 illik bir tarixi dövrü əhatə edən elm ocağı şagird kontingenti baxımından rayonun ən qocaman məktəbidir. 3 mərtəbə və 2 korpusdan ibarət olan təhsil müəssisəsində nə az, nə çox, düz 1350 şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 120-yə yaxın pedaqoji heyyət məşğul olur. Məktəbin ümumi kollektiv sayı 1500-ə yaxındır. Bu qədər insanın pənah gətirdiyi, ümid yeri olan, bilik mənbəyi olan bu təhsil ocağının belə bir vəziyyətdə olması təəssüf doğurur. 

 

Qeyd edək ki, 2 saylı məktəb-lisey şagirdlərinin yüksək nəticələri baxımından qabaqcıl sıralarda dayanır. Rayon üzrə ali məktəblərə qəbul imtahanlarında ilk dəfə rekord bal toplayan Təbriz Qasımov da məhz bu məktəbin yetirməsidir. Lakin bina nə qədər böyük olsa da, problemləri də özü qədər böyük və çoxdur. Texniki cəhətdən müasir standartlara cavab verməyən məktəbdə pedaqoji, elmi və ictimai işlərin təşkilində və həyata keçirilməsində bir sıra fəsadlar yaranır. 

 

Məktəb rəhbərliyi, kollektivi və şagird kontingenti – hamı bir nəfər kimi yeni və müasir tipli binada dərs keçəcəkləri günü səbirsizliklə gözləyir. 

 

Necə deyərlər, görünən dağa nə bələdçi..? Nəzərə alsaq ki, artıq üzü qışa gedir və havalar soyuyur, o deməkdir ki, bu məktəbin taleyini yenə 50 ildir yaşadığı çətinliklər gözləyir. Yenə eyni tüstülü otaqlar, işıqsız kabinetlər, soyuq koridorlar. ..

 

 Adətən Təhsil müəssisələri inşa edilərkən şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri və sağlamlıqları üçün idman zalları da nəzərdə tutulur. Lakin təəssüflər olsun ki, sözügedən məktəbin idman zalı da, demək olar ki, sıradan çıxıb. Döşəməsi çat-çat, adam gəzəndə döşəmənin içinə düşəcəyindən qorxur desək, yanılmarıq. Divarlar da çatlaq, tavan desən, sanki bir ilahi qüvvə tərəfindən havadan asılı qalıb şagirdlərin başına uçmasın deyə. 

 

Məsələ ilə bağlı Kürdəmir Rayon Təhsil Şöbəsindən də münasibət bildirmələrini istədik. Təhsil şöbəsinin müdiri Rafael Məmmədov cavab olaraq bildirdi ki, mövcud vəziyyətdən xəbərdardırlar. Və məktəbin qəzalı olması barədə Təhsil nazirliyinə məlumat verilib. Onu da əlavə edib ki, şəhər 2 saylı tam orta məktəb-lisey yaxın vaxtlarda əsaslı təmir üçün qeydiyyata alınıb. Ümid edirik ki, növbəti çəkilişimizi məktəbin yeni binasından edər və kollektivin sevincini sizlərlə paylaşarıq.