• 09:32

Kürdəmirdə vətəndaşlara bayraq paylanılıb

10 Oktyabr 2020, 14:08

Kürdəmirdə ordumuza dəstək olmaq məqsədilə çox nəcib bir aksiya keçirilib. DAİM (Dövlət Aqrar İnkişaf Mərkəzi)-in təşkilatçılığı ilə mərkəzin könüllü gəncləri tərəfindən insanlara bayraqlar paylanılıb. Aksiya gün ərzində insanların ən çox toplaşdığı park və istirahət mərkəzlərində gerçəkləşib. Aqrar İnkişaf Mərkəzi aksiyaya onlarla könüllü gəncini səfərbər edib. Könüllülər üçrəngli Azərbaycan və al qırmızı türk bayraqlarını vətəndaşlarımıza verərək ordumuza dəstək üçün ruh yüksəkliyi yaratmağa çalışıblar. Bu işdə kürdəmirli keçmiş Qarabağ döyüşçüləri də gəncləri yalnız qoymayıb. Onlar da bir araya toplaşaraq öz növbələrində dəstəklərini əsirgəməyib.

 

Ölkəmizin belə bir həssas durumunda bu cür jestlər nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki səngərlərdə mənfur düşmənlə üz-üzə dayanan igid oğullarımızın bizlərə, bizlərin onlara göndərdiyi mənəvi dəstək və xeyir-dualara çox ehtiyacları var. 

 

Azərbaycan xalqı yenilməzdir, məğrurdur. Qələbə çox yaxındır və bizimdir. Əminik ki, bu gün elə məhz bu aksiyada olduğu kimi insanlara paylanılan şanlı bayrağımız ən qısa zamanda bütöv Qarabağda dalğalanacaq.