• 09:52

Torpaq uğrunda ölən varsa, Vətəndir!

14 Yanvar 2021, 15:37

Hərbçi olmaq istəyirdi. Hərb sənətini dərindən öyrənmək, Vətənin keşiyində dayanmaq idi arzusu.  Bu sahədə istədiyi arzularının arxasınca gedir və müddətdən artıq hərbi qulluqçu olur, ön cəbhədə düşmənlə mübarizə aparır. Qızğın döyüşlərin ağuşunda düşmən həmləsinə tuş gələrək ağır qəlpə yarası alir. Mingəçevirdə Hospitalda müalicə aldığı vaxtda belə yaralı olduğunu ailəsindən gizlədir. Tam sağalar - sağalmaz cəbhəyə silahdaşlarının yanına  qayıdarağ döyüşlərə qatılır və qəhrəmancasına şəhid olur, ən ali zirvəyə ucalır. Söhbət Xaçmaz rayon Qaracəlli kənd sakini 21 yaşlı Samir Azər oğlu Mustafayevdən gedir.  Samir qayğıkeş, mehriban bir insan kimi iz qoyub könüllərdə. Hələ məktəb dövrlərindən özünü ağıllı, tərbiyəli bir şagird kimi aparmaqla yanaşı, həm də qəlbində daşıdığı böyük vətənpərvərlik hissi ilə də seçilirdi.  Bu minvalla məktəbi bitirib müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmət müddəti bitdikdən yenidən ordu sıralarına qayıtmaq və müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmək arzusunda olub.  Samir arzusuna çatır və nəhayət ki, müddətdən artıq hərbi qulluqçu kimi  Vətənin keşiyində dayanır.  Sentyabrın 27-si müharibə başlayanda o da ön cəbhəyə, düşmənlə üzbəüz təmas xəttinə yollanır və qızğın döyüşlərin ağuşuna atılır. Ağdərə, Xocavənd, Füzuli və Suqovuşan istiqamətlərində gedən döyüşlərin iştirakçısı olur. Böyük qəhrəmanlıq və şücaət göstərir. Düşmənin xeyli sayda texnikası və canlı qüvvəsinin məhv edilməsində əvəzsiz xidmətləri olan Samir Mustafayevin son döyüşü Suqovuşan ərazisində olur və elə orada da şəhidlik zivəsinə ucalır.  

 

 Mütəmadi olaraq ailəsi ilə əlaqə saxlayar, yaxşı olduğunu deyər, hərbi sirri verməz və tez sağollaşarmış. Samir Mustafayev ailəsi ilə son danışığı oktyabrın 5 – i axşam saatlarında olub. Həmişəki kimi bir neçə kəlmə ilə hal-əhval tutub və hospitaldan çıxıb yenidən cəbhəyə qayıtdığını bildirib. Şəhid olacağını hiss edirmiş kimi yaxınlarından halallıq istəyib. Bir neçə gün sonra oktyabrın 10 – u günorta saatlarında döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.  Ayın 29 – u  şəhidimizin nəşi doğulduğu Xaçmaz rayonu Qaracəlli kəndinə gətirilib və torpağa tapşırılıb.  

 

 

Onuda qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Samir Azər oğlu Mustafayev  “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. 

 

 Neçə-neçə igid oğullarımız canlarını vətən yolunda, torpaq uğrunda qurban verdi. Torpaq uğrunda ölən varsa, Vətəndir deyiblər. Məhz həmin qəhrəman oğullarımız sayəsində illərdən bəri həsrət qaldığımız qələbə tamını daddıq, zəfər çaldıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.