• 09:30

Şəhid Hacı Hacızadə: “Mən torpaqlarımızı düşməndən təmizləyəcəyəm və yeri gəlsə şəhid olacağam”

14 Yanvar 2021, 15:52

Hacızadə Hacı 1999-cu ildə Qax rayonunun Cüdüllü kəndində doğulub, boya başa catıb. Orta məktəbi bitirdikdən sonra o, 2017-ci ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra isə doğulduğu kəndə qayıdıb. Bundan sonra Hacının ürəyində olan vətənpərvərlik hissi onu rahat buraxmayıb. Hacı həmişə öz anasına, "mən vətən uğrunda döyüşəcəm!", "mən şəhid olacam!" deyərdi. Anasıyla yanaşı Hacı öz sinif yoldaşlarının və qohumlarının da yanında "mən gec tez vətən uğrunda döyüşəcəm, torpaqlarımızı düşməndən təmizləyəcəm və yeri gəlsə şəhid olacam!" ifadələrini işlədib.

 

Nəhayət ki, ikinci Qarabag döyüşləri başlayan zaman Hacı ailəsinin xəbəri olmadan Hərbi Kommissarlığa  yollanıb və könüllü olaraq qeydiyyatdan keçib. Sentyabr ayının 29 –u Hacı döyüş bölgəsinə aparılıb və həmin gündən döyüşlərə qatılıb.

 

Hacızadə Hacı  müharibədə fərqlənən döyüşçülərdən biri olub. O, Füzuli və Şuşa şəhərlərinin azad olunmasında yaxından iştirak edib. Noyabr ayının 9-da isə Xankəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bayrağına çox bağlı bir insan olan Hacı elə Dövlər Bayrağı günü də gözlərini əbədi olaraq yumub.

 

Hacızadə Hacı ölümündən sonra “Şuşa Uğrunda”, “Cəsur Döyüşçü” və “Vətən Uğrunda” medalları ilə təltif olunub.