• 00:10

Doğum günü özünün iştirakı olmadan qeyd edilən şəhid Niyyət Şirəliyev

22 Fevral 2021, 12:05

Şirəliyev Niyyət İmran oğlu orta məktəb vaxtlarından qəlbindəki vətənpərvərlik hissləri ilə yaşıdları arasında seçilib, bu xüsusiyyətinə görə hər zaman bir addım öndə olub. Taleh elə gətirib ki, orta məktəbdən sonra o, hərbi təhsil alaraq zabit kimi ordu sıralarına qoşulub və Vətənin keşiyində durmağa başlayıb. Hərb işinə, hərbi sirrə və xüsusən də özündən yuxarı komandir heyyətinə  sadiq olduğu kimi, tabeliyində olan komandalara da hərb işini layiqincə öyrətməyi, sevdirməyi bacarıb kapitan Şirəliyev. 2020-ci ildə 2-ci “Qarabağ müharibəsi” başlayanda o da digər silahdaşları kimi ön cəbhəyə yollanıb. Kəlbəcər istiqamətində döyüşə başlayan zabitimiz səngərlərdə düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində böyük şücaətlər göstərərək qəhrəmancasına şəhid olub. Yaşasa idi, 31 yaşını tamam edəcəkdi. Ailəsi, sevdikləri ilə birlikdə. Amma o Vətəni seçdi və bu yolda keçdi canından. Sözsüz, şəhidlər ölmür, unudulmur. Onu sevənlər özü olmasa da, bundan hər doğum gününü qeyd edəcəklər. Nə bilmək olar, cismən olmasa da, bəlkə ruhu seyr edir bu anları. Axı şəhidlər cənnətə gedirlər...

 

Döyüşlər gedən əsnada vaxt tapdıqca ara-sıra ailəsi ilə əlaqə saxlayar, hər şeyin yaxşı olduğunu deyəmiş. Belə zənglərdən biri də sentyabrın 26-sı çalınıb Şirəliyevlər ailəsində. Həyat yoldaşı ilə danışan şəhidimiz şəhadət şərbətinin tamını alırmış kimi özlərini, uşaqlarını qorumalarını tapşırıb. Elə bu zənglə də son danışığı olub şəhidimizin.

 

Böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran, qorxmazlığı, savadı və istedadı sayəsində rəhbərlik etdiyi şəxsi heyyətlə birlikdə Kəlbəcər ərazisində yerləşən bir sıra yüksəkliklərin düşmən tapdaqlarından azad edilməsi uğrunda əvəzsiz xidmətlər göstərib.

 

31 yaşlı şəhidimiz kapitan Niyyət Şirəliyev sentyabrın 27-si döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Nəşi 86 gün sonra tapılaraq Şamaxının Şəhidlər xiyabanında dəfn edilib.