• 21:49

Xalq artisti Yalçın Rzazadə vəfat edib

23 Fevral 2021, 12:30

Xalq artisti Yalçın Rzazədə 74 yaşında vəfat edib.

 

Bu barədə  Mədəniyyət Nazirliyindən bildirilib.

 

Məlumata görə, sənətkar uzun sürən xəstəlikdən sonra dünən haqq dünyasına qovuşub.

 

Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib.1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirib.

 

Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayıb. Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.

 

Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub. O, Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli və digər bəstəkarların yazdığı mahnıları ifa edib. Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı onu müşayiət ediblər. Həmçinin "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.

 

1979-cu ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti adına layiq görülüb.