• 07:14

Xaçmaz məktəblərində müəllimlər COVID -19 virusuna yoluxub

06 Aprel 2021, 15:54

Xaçmazın Köhnəxaçmaz kənd tam orta məktəbi və Xudat 1 və 3 saylı tam orta məktəbində bir neçə sinif fəaliyyətini distant təhsil formasında davam etdirəcək.

 

Bu barədə Xaçmaz rayon Təhsil Şöbəsindən İnterAz -ın sorğusuna cavab olaraq bildirilib. Belə ki, Köhnəxaçmaz kənd tam orta məktəbində 1000 (min)  şagirdin təlim tərbiyyəsi ilə məşğul olan 55 müəllimdən 7 nəfərində, Xudat şəhər 1 (bir) sayli tam orta məktəbində 50 müəllimdən 2 nəfərində və 1138 şagirdi olan Xudat şəhər 3 (üç)  sayli tam orta məktəbində 80 müəlimdən 4 (dörd) nəfərində COVID-19 infeksiyasına yoluxmalar təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə həmin müəllimlərin təmasda olduğu siniflərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. İndiki vəziyyətlə bağlı hər iki məktəbdə 290 şagird distant formada təhsil alır. Xudat şəhər 3 saylı məktəbin müəllimləri müalicə alaqaq sağalaraq TƏBİB-in arayışı əsasında yenidən tədrisə qayıtmışdılar. Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.   

Məlum olduğu kimi, rayondaki ümumtəhsil müəssisələrində normal tədris mühitinin bərpası və məktəb kollektivlərinin sağlamlığının daha etibarlı qorunması üçün 40 və daha yuxarı yaşda olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlıqlarına həssaslıqla yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.  Onu da qeyd edək ki, Xaçmaz rayon üzrə Təhsil Şöbəsinin tabeliyindəki 122 ümumtəhsil müəssisəsində 30463  şagirdin təlim-tərbiyəsi ilə 2300  müəllim məşğul olur. Pandemiya şəraitində xüsusi diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, tədris prossesinə cəlb edilən müəllimlərin böyük əksəriyyəti yuxarı yaş qrupuna aiddirlər və nisbətən yüksək risk daşıyıcılarıdırlar. 

 

 

"İnanırıq ki, ümumtəhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq".