• 06:56

Kürdəmirdə şəhid Cəmil Həşimlinin xatirəsinə tikilən bulağın açılışı olub

07 Aprel 2021, 11:54

Kürdəmirdə şəhid gizir Cəmil Həşimlinin xatirəsinə tikilən bulağın açılışı olub. Bulaq şəhidin bir vaxtlar təhsil aldığı şəhər 3 saylı orta məktəbin həyətində inşa olunub. Açılış mərasimində rayon rəsmiləri, məktəblilər, şəhid anaları və şəhidin ailə üzvləri iştirak edib. Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  “2-ci Qarabağ müharibəsi”ndə 30 illik işğal altında olan torpaqlarımızı 44 gün ərzində işğaldan azad edən igid vətən oğullarımızın qəhrəmanlıqlarından söhbət açılıb. Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və şəhid Xudayar Yusifzadənin anası Rada Yusifzadə də açılışda iştirak edib.

 

Qeyd edək ki, şəhid Cəmil Həşimli 1995-ci ildə Kürdəmir rayonunda anadan olub. İlk təhsilini şəhər 3 saylı orta məktəbdə alıb. Üç qardaşın ikincisi olan Cəmil həmişə qardaşlarına və anasına dayaq olub. Xüsusi bacarıqları ilə evin və bütün ətrafdakı insanların hörmətini qazanıb. İlk hərbi xidmətini 2013-cü ildə keçib. Sentyabr ayının 27-də müharibə başlanan zaman Cəmil tağım komandirinin müavini kimi vətənin müdafiəsinə qalxır. İlk olaraq döyüşə Füzuli rayonundan başlayır və cəbhənin müxtəlif istiqamətlərində vuruşaraq Füzulinin, Cəbrayılın, Xocavəndin işğaldan azad olunmasına qədər şərəfli döyüş yolu keçir. Son döyüşü Füzuli istiqamətində olur və elə oradaca düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur. Ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşcü”,  “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” və ”Xocavəndin azad edilməsinə görə”medalları ilə təltif olunub.