• 17:46

Kürdəmirdə məktəbin sinif otaqlarına şəhidlərimizin adları verilib

29 Aprel 2021, 12:49

Təhsil müəssisələri gələcək nəsillərin yetişməsində əvəzsiz rol oynayır. Yazmağı, oxumağı, toplamanı, çıxmanı – ümumən elmin bütün ibtidai və orta pilləsinə yiyələnir, həyatımızın sonrakı dönəmində məhz həmin biliklərdən geniş istifadə edirik. Təhsil ocaqları, məktəblər həm də bir çox müsbət insani keyfiyyətlərin, vətənpərvərliyin  aşılanmasında mühim əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, bir vaxtlar parta arxasında əyləşənlər sabahın alimləri, əsgərləridir və hətta vətən uğrunda canından keçərək ən uca zirvəyə qalxan şəhidləridir, o zaman ömrümüzün 11 ilini sərf etdiyimiz bu müqəddəs ocağın önəminin danılmaz olduğunu deyə bilərik...

 

Kürdəmir rayon Atakişili kənd tam orta məktəbi, demək olar ki, bir ilkə imza atıb.  “Zəfər yürüşü”müzdə canından keçən kürdəmirli şəhidlərin adları məktəbin sinif otaqlarına verilib. 

    

Qeyd edək ki, bu nəcib addım təkcə şagirdlər tərəfindən yox həm pedaqoji kollektiv, həm də rayon ictimaiyyəti tərəfindən qürurla qarşılanıb, əhəmiyyətindən bəhs edilib.

 

“Torpaq uğrunda ölən varsa, Vətəndir!” – deyib atalarımız. Məhz elə həmin igid oğullarımızın qanı, canı bahasına 30 illik həsrətə son qoyduq, yağı düşmənlərin murdar izlərini sildik müqəddəs əzəli torpaqlarımızdan. Şəhidlər həyatdan köçəndə yox, unudulanda ölürlər. Elə ona görə də hər birimizin vətəndaşlıq borcudur ki, onların ruhunu daim yad edək, xatırlayaq və xatırladaq. Xatırladaq ki, ruhları hər zaman şad olsun...

 

Torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.