• 19:49

Ağsuda Vətən müharibəsi şəhidlərinin qəbirüstü abidəsinin açılışı olub

30 Aprel 2021, 12:18

Ağsu rayonunun Gəgəli kəndində 44 günlük Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış kəşfiyyatçı baş leytenant Kamran Quluzadə, əsgərlər Vüsal İbişov və Elmir Süleymanlının yeni inşa edilmiş  qəbirüstü abidə kompleksinin açılışı olub.

 

Abidə Şəhid ailələrinin təşəbbüsü ilə monumental formada inşa olunub. Hər üç şəhidin məzarların ətrafında abadlıq işləri aparılıb, ətrafında gül kolları əkilib.

 

Mərasimdə rayon rəhbərliyi, millət vəkili Tahir Kərimli, kənd sakinləri və şəhidlərin ailə üzvləri iştirak ediblər.

 

İlk olaraq iştirakçılar  kənd məzarlığında yerləşən qəbirüstü  abidəni ziyarət ediblər şəhidlərin məzarı üzərinə əklillər və gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

 

Xatirə kompleksinin qarşısında şəhid ailələri və kənd sakinlərinə xitabən çıxışlar edilib. Rayonu icra hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, döyüşlərdə Ağsu rayonunun təkcə Gəgəli kəndindən onlarla gəncin könüllü iştirak etdiyini bildirib. Döyüşlərdə şəhid olan igid oğulların xatirələrinin həmişə əziz tutulacağını qeyd edib.

 

Milli Məclisin deputatı Tahir Kərimli isə Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edərək bütün dünyaya mesaj verdiyini, bu qələbənin qazanılmasında əsgərlərimizin şücaətini xüsusi vurğulayıb.

 

O bildirib ki, birinci Qarabağ müharibəsində 9, Vətən müharibəsində isə 4 Gəgəli kənd sakini vətən uğurda şəhidlik zirvəsinə ucalıb.

 

Mərasimdə şəhidlərin ailə üzvləri onların şərəfli ömür yolu haqqında iştirakçılara məlumat veriblər. Vurğulanıb ki, şəhid baş leytenant Kamran Quluzadə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində, şəhid Elmir Süleymanlı Hadrutda, şəhid Vüsal İbişov isə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olublar.

 

Şəhid ailələri övladlarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib, öz minnətdarlıqlarını bildiriblər.