• 09:14

Təbiətin “Qırmızı örpəyi”

12 May 2021, 14:45

Fərqli çiçək formaları, quruluş xüsusiyyətləri lalələrin təsnifatını çox qarışıq edir.

 

Bu gün bəzək bitkiləri bazarında təqdim olunan çox sayda lalə növü vardır ki, onların hər biri də mürəkkəb quruluşa malikdir. Lalələr, adətən, aprel-may aylarında çiçəklənir və 20-25 sm-dək böyüyür. Maksimum hündürlüyü isə 60-70 sm təşkil edə bilir. Ətrafa yaydığı xoş qoxu, gözoxşayan mənzərə istər-istəməz insanları valeh edir, bütün diqqəti üzərinə çəkir.

 

Lakin lalələrin üç əsas qrupu və onların nümayəndələri becərmə strategiyasında bir-birlərinə bənzəyir, yalnız quruluş detalları və estetik xüsusiyyətləri ilə fərqlənirlər. Bəzi yorumlarda qırmızı güllər sevgi rəmzi kimi qiymətləndirilir. Qırmızı dağ laləsi də bu kateqoriyadan sayılır və sevgiyə, xoşbəxtliyə, harmoniyaya işarə edir. Bu baxımdan baharın elçiləri olan lalələrə tələbat yüksək olur. Eyni zamanda lalə çəmənliyi əsrarəngiz mənzərə əks etdirdiyindən insanlar kütləvi şəkildə axın edərək təbiətin yaratdığı bu gözəlliyi seyr edirlər. Lakin burada mütləq əməl olunması gərəkən xırdaca bir problem çıxır ortaya ki, bu da həmin ərazilərdə əkin sahələrinin də mövcud olmasıdır. Fermerlər bəzən insanların əkin sahələrini tapdadıqlarını və əkini zay etdiklərini deyirlər. Bu baxımdan yaxşı olar ki, hər kəs bir tərəfdən təbiətin gözəlliyini seyr edərkən, digər tərəfdən də təbiətin digər neməti olan kənd təsərrüfatına ziyan verməsinlər, ehtiyatlı davransınlar.