Mərakeşdə intensiv yağışlar qəfil daşqınlara səbəb olub, 31 nəfər ölüb

Ölkənin cənub regionlarını cənginə alan sel suları xeyli sayda evi və yolu dağıdıb

Bakı, Ramik Cəfərzadə, İnteraz - 24 Noyabr 2014, 16:54

Mərakeşin cənubunda yağan şiddətli yağışlar nəticəsində ərazidə güclü daşqın fəlakəti yaşanır.

 

İnterAz-ın "əl-Cəzirə"-yə istinadən məlumatına görə, daşqın sularında 31 nəfər bataraq həlak olub, xeyli sayda insan itkin düşüb.

 

Yol və infrastruktura ciddi ziyan dəyməsi səbəbilə təbii fəlakət bölgəsinə xilasedicilərin çatdırılmasında problemlər yaşanıb. Hökumət rəsmilərinin açıqlamasına görə, sel sularından zərər çəkən Quelmim, Əqadir və Oarzazate rayonlarında itkin düşənlərin axtarışına başlanılıb.

 

Təbii fəlakət bölgəsi olan Quelmimə yollanan "əl-Cəzirə" müxbirinin məlumatına görə, ölənlərin sayı 31 nəfər olub. Seldən qurtulmağa çalışan bir ailənin 8 üzvü avtomobillərinin batması nəticəsində həlak olub. Ərəb dilli "əl-Məssai" və "əl-Əhdas" qəzetləri ölü sayının uyğun olaraq 16 və 22 nəfər təşkil etdiyini yazıb.

 

Hökumətin rəsmi açıqlamasına görə, daşqın bölgəsinə 130 xilasedici nəqliyyat vasitəsi və 335 motorlu qayıq cəlb olunub. Həmin məlumatda qeyd olunur ki, təkcə Quelmimdə 14 nəfər itkin düşüb. Həmin bölgədə yüzə yaxın palçıq ev qismən və tamamilə dağılıb, yerli əhəmiyyətli 100, beynəlxalq əhəmiyyətli 6 yol dağılaraq sıradan çıxıb.

 

Bildirək ki, ölkənin hava proqnozları xidməti leysan yağışlarının günorta saatlarına qədər davam edəcəyini bildirib.