Səudiyyə təyyarələri Yəməndə səhvən öz müttəfiqlərini vurub – 17 ölü var

Ölkənin əl-Bəyda əyalətində Qaniyə bölgəsində baş verən bu hadisədə Abdu-Rabbih Mansur Hadini dəstəkləyən qüvvələrdən 17-i ölüb və onlarla yaralanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Dekabr 2018, 17:51

Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin əl-Bəyda əyalətində səhvən öz müttəfiqlərinin mövqelərini bombalayıb.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Bildirilib ki, mərkəzi qərargahı cənubda Ədən şəhərində yerləşən Yəmən Ordusunun “117-ci Briqadası"nın mövqelərinə Səudiyyə Ərəbistanı koalisiyasının təyyarələri tərəfindən hava zərbələri endirilib.

 

Ölkənin əl-Bəyda əyalətində Qaniyə bölgəsində baş verən bu hadisədə Abdu-Rabbih Mansur Hadini dəstəkləyən qüvvələrdən 17-i ölüb və onlarla yaralanıb.

 

Qeyd edək ki, sabahdan Yəmən münaqişəsinin tərəfləri arasında İsveçdə danışıqlar başlayır. İsveçə yollana bilən husi nümayəndələri bildirib ki, danışıqlara baxmayaraq Səudiyyə koalisiyası Yəməndə müxtəlif cəbhələrdə hücumu davam etdirirlər.