Taliban Heratda bir hərbi qərargahı zəbt edib – 14 əsgər həlak olub

Əfqanıstan Ordusu bu hücumun baş verdiyini və qərargahın süqut etdiyini təsdiqləyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 16:03

Taliban ötən gecə Əfqanıstanın şimal-qərbində Herat əyalətinin Şindənd rayonu ərazisində ordunun bir qərargahına hücum edərək onu ələ keçirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Heratın Şindənd rayonunun Qələye-Doxtər (Qız qalası) kəndində yerləşən hərbi qərargaha hücum zamanı 14 əsgər həlak olub və 15-dən çoxu əsir düşüb.

 

Əfqanıstan Ordusu bu hücumun baş verdiyini və qərargahın süqut etdiyini təsdiqləyib.

 

Bu arada Əfqanıstan Milli Ordusu bəyanat yayaraq bildirib ki, ötən gün ölkənin 14 əyalətində qarşıdurmalar və əməliyyatlar zamanı 127 silahlı müxalif öldürülüb.

 

Digər tərəfdən Pajwook Agentliyi ölkənin Özbəkistanla sərhədində yerləşən Faryab əyaləti rəsmilərinə istinadla məlumat verib ki, əyalətin Əndəxoy və Qurğan rayonlarında qarşıdurmalara görə 5 min ailə ev-eşiklərini tərk etməli olublar.