Husilər prezident Hadinin Yəməndə gələcəkdəki rolu haqda mövqelərini bildiriblər

Abdu-Rabbih Mansur Hadinin ölkənin gələcək siyasi həyatında və proseslərində heç bir yeri yoxdur

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2019, 11:18

“Abdu-Rabbih Mansur Hadinin ölkənin gələcək siyasi həyatında və proseslərində heç bir yeri yoxdur”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu husilərin Ənsarullah hərəkatının siyasi ofisinin baş katibi Fəzl Əbu-Talib deyib.

 

Husilərin nümayəndəsi paytaxt Sənada BMT nümayəndəsi Məin Şrimlə görüşü zamanı beynəlxalq ictimaiyyətin qəbul etdiyi və Səudiyyə koalisiyasının dəstək verdiyi prezident Abdu-Rabbih Mansur Hadinin eləcə də onun müavini general Əli Muhsin Salehin (onların qərargahları Ədən şəhərində yerləşir) Yəmənin gələcək siyasi həyatında hər hansı bir rolu olmayacağını bildirib.

 

“Legitim hökumət adlandırılan bu qüvvələr yalnız ölkəyə təcavüz edən qüvvələrin əlində bir bəhanədir. Bu bir bəhanədir hədəflərini həyata keçirsinlər, ölkəni işğal və sərvətlərini talasınlar.” deyə husilərin Ənsarullah hərəkatının siyasi ofisinin baş katibi Abdu-Rabbih Mansur Hadinin alət olduğunu vurğulayıb.

 

O həmçinin bildirib ki, Səudiyyə və BƏƏ İsveçdə əldə edilən əsirlərin mübadiləsi və əl-Hudeyda şəhəri anlaşmasının icrasına da maneələr yaradırlar.

 

Qeyd edək ki, Yəməndə Abdu-Rabbih Mansur Hadi kənarlaşdırıldıqdan sonra Səudiyyə və koalisiyası hərəkətə keçdilər və 2015-in martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə hərbi müdaxiləyə əl atdılar. Bu hərbi müdaxilə və onun nəticəsində baş verən daxili müharibə nəticəsində 20 min mülki şəxsin öldüyü bildirilir.