Fələstin ərəb dövlətlərini ABŞ-ın Polşada keçirəcəyi konfransa qatılmamağa çağırıb

Bundan öncə Fələstin Muxtariyyəti ABŞ-ın Varşavada keçiriləcək Yaxın Şərqdə təhlükəsizlik və İranla bağlı konfransına qatılmayacağını bildirmişdi

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 15:50

Bundan öncə Fələstin Muxtariyyəti ABŞ-ın Varşavada keçiriləcək Yaxın Şərqdə təhlükəsizlik və İranla bağlı konfransına qatılmayacağını bildirmişdi.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, muxtariyyətin xarici işlər naziri Riyaz əl-Maliki ərəb dövlətlərini Amerikanın Varşavada Yaxın Şərqdə təhlükəsizlik və İranla bağlı keçirmək istədiyi beynəlxalq konfransına qatılmamağa çağırıb.

 

Fələstin rəsmisi ərəb dövlətlərindən istəyib ki, mümkün dərəcədə bu konfransa qatılmasınlar və ya orada aşağı müstəvilərdə təmsil edilsinlər.

 

Qeyd edək ki, Fələstin Müxtariyyətinin baş müzakirəçisi Saib Əriqat öz twitter səhifəsində bildirib ki, Fələstin Muxtariyyəti ABŞ-ın Polşada Yaxın Şərqdə təhlükəsizlik və İranla bağlı konfransına qatılmayacaq. Saib Əriqat bildirib ki, Fələstin bu konfransı tam şəkildə rədd edir. Fələstin Müxtariyyətinin baş müzakirəçisi əlavə edib ki, bu konfrans Trampın Fələstin məsələsi ilə bağlı “əsrin sazişi” planının həyata keçirilməsi üçün fürsət kimi istifadə edilir. O, vurğulayıb ki, ABŞ Fələstin məsələsi ilə bağlı beynəlxalq qərarları pozmaqla (Qüdsün İsrailin paytaxtı elan edilməsi) vasitəçi rolunu da itirib.

 

Qeyd edək ki, ABŞ-ın Varşava konfransı 12-14 fevralda keçiriləcək.