Ərəb Dövlətləri Liqası baş katibi Suriyanın təşkilata qayıtmasına münasibət bildirib

Ərəb Dövlətləri Liqasının baş katibi bu gün Beyruta səfəri zamanı prezident Mişel Ounla görüşüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 16:32

Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul-Ğəyt rəsmi Dəməşqin təşkilatdakı üzvlüyünün bərpa edilməsi məsələsinə münasibət bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Ərəb Dövlətləri Liqasının baş katibi bu gün Beyruta səfəri zamanı prezident Mişel Ounla görüşüb.

 

Görüşdən sonra mətbuat konfransında Ərəb Dövlətləri Liqasının baş katibi bildirib ki, rəsmi Dəməşqin təşkilata qayıtması barədə hələ siyasi razılaşma yoxdur.

 

Onun sözlərinə görə, məsələ ilə bağlı deyilənlər niyyətlər və təkliflər həddindədir və ərəb dövlətləri arasında və ƏDL daxilində bu barədə anlaşma və razılıq yoxdur.

 

Qeyd edək ki, Livan ötən ayda ƏDL-in Beyrutda keçirilən iqtisadi zirvə toplantısına rəsmi Dəməşqin də dəvət edilməsini istəmişdi. Lakin bu məsələ həmin zirvə toplantının gündəminə salınmamışdı. Son aylarda bəzi ərəb liderlərinin Dəməşqə səfəri, habelə iki körfəz ərəb dövlətinin Dəməşqdəki səfirliklərinin açılması Suriyanın ƏDL-dəki üzvülüyünün bərpa edilməsi istiqamətində işləri sürətləndirib.