Netanyahu ilə BƏƏ vəliəhdi Bin-Zayidin gizli danışıqları ortaya çıxıb

Telekanal həmçinin əlavə edib ki, tərəflərin gizli danışıqları haqda gələcəkdə yeni detalları açıqlayacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 10:11

İsrail mətbuatı bildirib ki, baş nazir Benyamin Netanyahu 2015-də İranla əldə edilən nüvə sazişindən sonra, Birləşmiş Ərəb Əmirliyinin vəliəhdi Məhəmməd bin Zayidlə bir neçə dəfə bağlantıya çıxaraq danışıqlar aparıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İsrailin “13-cü Telekanalı” məlumat verib.

 

Bildirilib ki, 2015-də beynəlxalq ictimaiyyəti təmsil edən Altılıq dövlətləri İranla nüvə sazişi əldə etdikdən sonra Benyamin Netanyahu BƏƏ-nin vəliəhdi Məhəmməd bin Zayidlə bir neçə mərhələdə bağlantılar quraraq danışıqlar aparıb və İranın bölgədəki mövqeyinə qarşı koordinasiya edilmiş addımların atılması və habelə İsrail ərəb əlaqələrinin normallaşdırılması məsələsi müzakirə edilib.

 

Telekanal həmçinin əlavə edib ki, tərəflərin gizli danışıqları haqda gələcəkdə yeni detalları açıqlayacaq.

 

Qeyd edək ki, tərəflərin gizli görüşləri və danışıqları bundan öncə də mediaya sızıb. 2017-ci ilin iyulunda Haarets qəzeti bildirib ki, Benyamin Netanyahu 2012-ci ilin sentaybrında Nyu-Yorkda BƏƏ-nin XİN rəhbəri Abdullah bin Zayidlə gizli görüş keçirib.

 

Xatırladaq ki, Benyamin Netanyahu ötən il körfəz ərəb dövlətlərindən Oman Sultanlığına rəsmi səfər etmişdi. Səfərlə eyni zamanda İsrail idmançıları BƏƏ və Qətərdə beynəlxalq turnirlərə qatılmışdılar. Fələstin Muxtariyyəti və hərəkatları körfəz ərəb dövlətləri ilə İsrail arasında əlaqələrin normallaşdırılması istiqamətində atılan bu addımları kəskin tənqid etmişdilər.