Türkiyədə Çanaqqala zəfərinin ildönümü qeyd olunur

Çanaqqala müharibəsində 3 mindən artıq azərbaycanlı əsgər də şəhid olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Mart 2019, 15:42

Türkiyə tarixində ən mühüm qalibiyyət olan Çanaqqala dəniz zəfərinin bu gün 104-cü ildönümüdür. Həmin vaxt türklər Çanaqqala boğazında (Dardanel boğazı - red.) müttəfiq Avropa dövlətlərinə qarşı aparılan mübarizədə qələbə qazanıblar.

 

İnterAz xəbər verir ki, Çanaqqala müharibəsi I Dünya Müharibəsi dövründə - 1915-1916-ci illərdə Osmanlı dövləti ilə "Üçlər İttifaqı" - müttəfiq Avropa dövlətləri (İngiltərə, Fransa, Rusiya) arasında aparılan dəniz və quru döyüşüdür.

 

İttifaq dövlətləri Osmanlının paytaxtı İstanbulu alaraq boğazlara (Bosfor və Dardanel - red.) nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı əməkdaşlıq və hərbi ticarət yolu açmaq, Almaniyanı zəiflətmək məqsədilə ilk hədəf olaraq, Çanaqqala boğazına keçiblər. Lakin bu hücum uğursuz olub və hər iki tərəf çox ağır itkilər verib. Nəticədə müttəfiq Avropa dövlətləri geri çəkiliblər.

 

1915-ci il fevral 19-da güclü Fransa qüvvələri ilə İngiltərənin “Yelizaveta” döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq Çanaqqalaya ilk dəfə hücuma keçiblər. Admiral da Robekun tabeliyində olan ən azı 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə çalışıb. Döyüşdə bir neçə ingilis və fransız döyüş gəmisinə böyük ziyan dəyib. İngilis donanmasının məğlub olması Osmanlı əsgərlərinə qüvvət verib. Müttəfiq dövlətlər bu ağır itkilərlə Çanaqqalanı dəniz yolu ilə keçə bilməyəcəklərini anlayıblar. Onlar quru əməliyyatlarına başlayaraq sahili toplardan təmizləmək istəyiblər. Yarımadaya çıxaraq Osmanlı qüvvələrini qurudan məğlub etməyi planlaşdırsalar da, buna müvəffəq olmayıblar. 

 

Bildirək ki, 250 min Osmanlı əsgərinin şəhid olması bahasına əldə edilən bu tarixi qələbə Türkiyə Cümhuriyyətinin qurulmasından sonra ölkə Parlamentinin qərarı ilə hər il martın 18-də “Çanaqqala Zəfəri” kimi qeyd edilir.

 

Xatırladaq ki, Çanaqqala müharibəsində 3 mindən artıq azərbaycanlı əsgər də şəhid olub.