Misir Liviya paytaxtına hücum edən generalı rəsmən dəstəklədiyini bəyan edib

Misir prezidenti Əbdül-Fəttah Sisi Qahirəyə səfər edən "Liviya Milli Ordusu"nun başçısı general Xəlifə Həftəri qəbul edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 14:43

Misir hökuməti general Xəlifə Həftəri rəsmi şəkildə dəstəklədiyini bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Misir prezidenti Əbdül-Fəttah Sisi Qahirəyə səfər edən "Liviya Milli Ordusu"nun başçısı general Xəlifə Həftəri qəbul edib.

 

Ə. Sisi "Liviya Milli Ordusu"nun ölkədə apardığı müharibəni terrora və radikal silahlı birləşmələrlə qarşı mübarizə adlandırıb və Misirin buna dəstək verdiyini bildirib.

 

Qeyd edək ki, Misirlə yanaşı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn də Liviya paytaxtı istiqamətdə hücum edən general Xəlifə Həftəri dəstəkləyirlər. Bu dövlətlər Liviyada danışıqların tərəfdarı olduqlarını bildirsələr də Xəlifə Həftərə və onun ordusuna maddi və hərbi dəstək verən əsas tərəf hesab edilirlər.

 

Xatırladaq ki, general Xəlifə Həftər Səudiyyə səfərindən qayıdandan dərhal sonra Tripolini radikal birləşmələrdən (paytaxt "Milli Barışıq Hökuməti"nin nəzarətindədir) azad etmək üçün əməliyyata başladığını elan edib.