Liviya paytaxtında döyüşlərin ikinci dalğası başlayıb

Döyüşlər hazırda Liviya paytaxtının cənub kvartallarında gedir...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Aprel 2019, 18:00

 Paytaxt Tripolini "Milli Barışıq Hökuməti"nin qüvvələrindən almaq istəyən "Liviya Milli Ordusu" bu şəhərin mərkəzi istiqamətdində hücumun növbəti dalğasına başladığını bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə "Liviya Milli Ordusu"nun mətbuat katibi briqada generalı Əhməd əl-Mismari məlumat verib.

 

Mənbə keçirilən mətbuat konfransında bildirib ki, onlar paytaxt istiqamətdə əlavə qüvvələr cəlb ediblər və hücumun ikinci dalğasına başlayırlar.

 

"Liviya Milli Ordusu"nun mənbələri həmçinin bəyan edib ki, onlar bu gün "Milli Barışıq Hökuməti" nin hərbi təyyarələrindən birini vuraraq düşürüblər.

 

Döyüşlər hazırda Liviya paytaxtının cənub kvartallarında gedir.

 

Qeyd edək ki, Liviyanın əksər bölgələrini nəzarətdə saxlayan "Liviya Milli Ordusu" general Xəlifə Həftərin aprelin əvvəlində verdiyi əmrdən sonra paytaxt Tripoli istiqamətdə hücuma başlayıblar. Üç həftədir davam edən bu döyüşlərdə ölənlərin sayı 250-i keçib. BMT-in və bəzi dövlətlərin çağırışlarına baxmayaraq Xəlifə Həftər hücumu dayandırmaq istəmir.