Kamal Xərrazi: Heç vaxt Trampa zəng vurmayacağıq

Onun məqsədi İrana təzyiqləri artırmaqdır...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 17:15

 “ABŞ prezidenti Donald Trampa zəng vurmayacağıq. Çünki bunun faydası yoxdu. Onun məqsədi İrana təzyiqləri artırmaqdır. Ona görə zəng olmayacaq. Necə ki Şimali Koreya ilə də bir nəticəyə əldə edilməyib.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi deyib.

 

K. Xərrazi FranPress-ə verdiyi müsahibədə bildirib ki, iranlılar Amerikaya inanmırlar. Onun sözlərinə görə bu inamsızlıq ABŞ-ın nüvə sazişindən birtərəfli şəkildə çıxmasından və sanksiyalara başlamasından sonra daha da artıb.

 

İran rəsmisi Ağ Ev-in İsveçrə səfirliyi vasitəsilə Tehrana telefon nömrəsi göndərməsi xəbərinə münasibət bildirərək, bu işin faydasız olduğunu və İranın heç vaxt Trampa zəng etməyəcəyini vurğulayıb.

 

Kamal Xərrazi son günlərdə İranla ABŞ arasında gərginliklə bağlı verilən sualı belə cavablandırıb:

 

“Qarşıdurma istisna edilmir. İran cavab verməyə hazırdır. İran hər bir hərbi addımı şiddətli şəkildə cavablandıracaq. Elə buna görədir ki, onlar qarşıdurmaya girmirlər.”