Bu gün peyğəmbərin xanımı birinci müsəlman qadın həzrət Xədicənin vəfat günüdür

Bu gün Ramazan ayının 10-u həm də Peyğəmbərin həyat yoldaşı, həzrəti Xədicənin vəfat edən günüdür...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 09:29

 Həzrət Xədicənin vəfatı ili və günü barədə fərqli fikirlər var. Lakin daha çox məqbul edilən fikir budur ki, o həzrət Məhəmməd peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından yəni "besət" hadisəsindən 10 il sonra ramazan ayının 10-da vəfat edib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu gün Ramazan ayının 10-u həm də Peyğəmbərin həyat yoldaşı, həzrəti Xədicənin vəfat edən günüdür. O həzrətin əsas ləqəblərindən bir neçəsi kimi Tahirə və Seyyidət –Qureyş ləqəblərini qeyd etmək olar.

 

İbni Hənbəl Müsnəd əsərində cild-6 səhifə 117-də Ayişənin dilindən gətirib ki Peyğəmbər Xədicəni ən əziz zövcəsi və ən yaxşı hesab edirdi

 

Xədicə bint Xüvəylid islam peyğəmbərilə 25 il birgə yaşayıb və peyğəmbərdən 6 övlad dünyaya gətirib. Məhəmməd (s) peyğəmbər Xədicənin (ə) cənnətin dörd xanımından biri olduğunu buyurub. Məhəmməd (s) peyğəmbər Xədicəyə (ə) olan istəyini həmişə müxtəlif yollarla bəyan edirdi. Xüsusilə, onun islam dini yolunda göstərdiyi fədakarlıqlıqlar islam dünyasında dillər əzbəri olmuşdur. Məhəmməd (s) peyğəmbər buyurub ki, o, məni elə bir zamanda müdafiə etdi ki, məkkəlilər mənə arxa çevirmişdi.

 

Həzrəti Xədicənin (ə) “Şibi Əbi-Talib” vadisində digər müsəlmanlarla birgə yaşadıqları çətin anlar tarixdə həkk olunub. Bu zaman müsəlmanlara tətbiq edilən iqtisadi blokada onları həyatın çox acınacaqlı anları ilə üzbə-üz qoyub. Belə nəql edilir ki, o zaman müsəlmanlar, başda həzrəti Xədicə (ə) olmaqla peyğəmbərin ailəsi bir ədəd xurma ilə oruc tutmağa məcbur idilər. Peyğəmbər və onun həyat yoldaşının bu çətin anlarda xalisanə tutduğu oruclar hər bir müsəlman üçün əsil örnəkdir.

 

Bu iqtisadi blokadanın son günlərindən Məhəmməd Peyğəmbər əmisi Əbu-Talibi bir neçə ay sonra isə xanımı həzrət Xədicəni itirdi.

 

İndi həzrət Xədicənin məzarı Məkkə şəhərində Həcun və ya əl-Müəlla qəbirsanlığındadır. Ötən əsrin əvvəlində Məkkə və Mədinədə tarixi binaların və məzarlıqların radikal vəhhabilər tərəfindən sökülməsi zamanı hz Xədicənin olduğu türbə da dağıdılıb.