Nəcəfdə aksiyalar qarşıdurma ilə nəticələnib, 4 ölü, 17 yaralı var

Ticarət mərkəzinə girmək istəyən etirazçılara gözətçilər tərəfindən atəş açılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 12:52

İraqın Nəcəf şəhərində ötən gecə saatlarına qədər davam edən etiraz aksiyaları sonda qarşıdurma və iğtişaşla nəticələnib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İraqda tanınmış din və siyasi xadim Müqtəda Sədrin davamçıları "əl-Bəşir" ticarət mərkəzinin qarşısında etiraz aksiyaları keçiriblər.

 

Ticarət mərkəzinə girmək istəyən etirazçılara gözətçilər tərəfindən atəş açılıb.

 

İraqın hərbi mənbələri bildirib ki, bu qarşıdurmada 4 nəfər həlak olub və 17 nəfər yaralanıb.

 

Qəzəbli etirazçılar əl-Bəşir ticarət obyektini yandırıblar və yanğınsöndürənlərin onu söndürməsinə imkan verməyiblər.

 

Məlumata görə Nəcəf şəhərinin böyük ticarət obyektlərindən olan əl-Bəşir Sədr fraksiyasının sabiq nümayəndəsi Cavad əl-Kəraviyə aiddir.

 

Bundan öncə Müqtəda Sədr vaxitlə sıralarında olmuş şəxslərin barəsində sadə həyat tərzini tərk etmək, böyük ticarət layihələrinə qatılmaq və korrupsiyaya bulaşmaları haqda xəbərdarlıq etmişdi.