İran Avropa rəsmilərini nüvə sazişinin bəndlərini yenidən oxumağa çağırıb

Buna münasibət bildirən İran XİN sözçüsü sazişə əməl etmənin yalnız İrana deyil, bütün tərəflərə vacib olduğunu bildirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 16:51

"Avropalı dostlar əgər nüvə sazişi ilə bağlı nigaran və narahatdırlarsa, sazişdə gələn öhdəliklərə əməl etsinlər və onun 36-cı bəndini və hüquq elminin müqəddiməsini yenidən diqqətlə mütaliə etsinlər."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Seyid Abbas Musəvi deyib.

 

İran səfərindən Almaniyaya qayıdan Hayko Maasın Stokholmdakı çıxışlarına münasbiət bildirən Tehran rəsmisi onu və sair Avropa rəsmilərini nüvə sazişinin bəndlərini xüsusilə də 36-cı bəndi yenidən mütaliə etməyə çağırıb.

 

Qeyd edək ki, İran səfərindən dönən Almaniya XİN rəhbəri bildirib ki, İran nüvə sazişindən çıxsa ona qarşı sanksiyalar bərpa ediləcək.

 

Buna münasibət bildirən İran XİN sözçüsü sazişə əməl etmənin yalnız İrana deyil, bütün tərəflərə vacib olduğunu bildirib.

 

"Əgər onlar nüvə sazişinin qorunub saxlanılması məsələsinə belə çox nigarandırlarsa, onda ona əməl etsinlər və və hamıdan çox özləri öhdəliklərinə riayət etsinlər." deyə İran rəsmisi xəbərdarlıq edib.

 

Qeyd edək ki, ABŞ, dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişindən çıxıb və Tehrana qarşı sanksiyalara başlayıb. Avropa dövlətləri İranı nüvə sazişində qalmağa razı salmağa çalışsalar da ABŞ-ın İrana qarşı sanksiyaları məsələsində hələ ki çıxış yolu tapa bilməyiblər. Rəsmi Tehran buna cavab olaraq sazişin iki bəndinin icrasını dayandırıb və digər bəndlərin icrasının dayandırılması ilə bağlı Avropaya iki ay möhlət verib.