Oman dənizində vurulan 2 neft gəmisinin görüntüləri yayımlanıb

Bu, son ayda gərginliyin hökm sürüdüyü Oman dənizi və Fars Körfəzi yaxınlığında neft tankerlərinə edilən ikinci hücumdur...

Bakı, Aytən Əliyeva, İnteraz - 13 Iyun 2019, 13:04

Bu gün səhər Oman dənizində iki neft gəmisinin partlayışa məruz qalması təsdiqini tapıb və gəmilərdəki yanğının görüntüləri yayımlanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İranın İSNA agentliyi Oman dənizində partlayışa məruz qalan gəmilərin görüntülərini yayımlayıb.

 

Bildirilib ki, neft gəmilərindən biri Panama bayrağı ilə üzən “Kokuka Courageous”, digər isə Marşal Adaları bayrağı ilə üzən “FRONT ALTAİR” neft tankerləridir.

 

İSNA məlumat verib ki, İranın bir xilasetmə gəmisi tankerlərin 44 ekipajını xilas edib.

 

Gəmilərdən birinin yükü metanol mayesi olduğundan şiddətli yanğın davam etməkdədir. Onun batma ehtimalı var. Məlumata görə bu gəmi Qətərdən Tayvana gedirmiş.

 

"Blomberq"in məlumatına görə isə, gəmilərdən biri Səudiyyə Ərəbistanından Sinqapura neft daşıyırmış.

 

Bu, son ayda gərginliyin hökm sürüdüyü Oman dənizi və Fars Körfəzi yaxınlığında neft tankerlərinə edilən ikinci hücumdur.