Husilər aviaşirkətləri Səudiyyənin hava limanlarından uzaq durmağa çağırıb

Husilər son 4 gündə ikinci dəfə olaraq, Səudiyyənin Əbha hava limanını vurub...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 Iyun 2019, 15:52

"Madam ki Səudiyə Ərəbistanı və hərbi koalisiyasının Yəmənin hava məkanını bağlaması, hava limanlarına təcavüzü davam edir, bundan sonra Səudiyyə Ərəbistanın hava limanları da bizim hədəfimizdə olacaq. Biz müxtəlif aviaşirkətləri və mülki şəxsləri Səudiyyə Ərəbistanın hava limanları və hərbi obyektlərindən uzaq durmağa çağırırıq."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Yəmən Silahlı Qüvvələrinin (qərargahı paytaxt Sənada yerləşir)rəsmi sözçüsü briqada generalı Yəhya Səri deyib.

 

Bu gün sübh Səudiyyə Ərəbistanın Əbha hava limanının yenidən hədəfə alınması ilə bağlı bəyanat verən Y. Səri bildirib ki, "Səudiyyə Ərəbistanı və koalisiyasının Yəmənə təcavüzü davam etdikcə, onların da Səudiyyədəki hava limanları və hərbi obyektlərini hədəfə alması davam edəcək.

 

Husilərlə müttəfiq olan Yəmən Silahlı Qüvvələrinin rəsmi sözçüsü buna görə müxtəlif aviaşirkətləri və mülki şəxsləri Səudiyyədəki hava limanlarından və hərbi qərargahlardan uzaq durmağa çağırıb.

 

Y. Səri eyni zamanda bildirib ki, onların bu gün Əbha hava limanına göndərdiyi Qasif-K2 pilotsuz təyyarələri bu şəhərin hava limanındakı radarları sıradan çıxarıb və hava limanı işini dayandırıb.

 

Husilər son 4 gündə ikinci dəfə olaraq, Səudiyyənin Əbha hava limanını vurub.