Almaniya neft gəmilərinin vurulmasında ABŞ-ın İranı ittihamlandırmasına münasibət bildirib

BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı ilk gündə keçirdiyi toplantı nəticəsiz qalıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 12:25

"Amerikanın İranı ittiham etməsindəki sübutları yetərli deyil."

 

İnterAz SalamNews-a isitinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

 

Ötən gün Oslo şəhərində keçirilən mətbuat konfransı zamanı Oman dənizində neft gəmilərinin vurulması və məsələ ilə bağlı ABŞ-ın İranı ittihamlandırmasına münasibət bildirən Almaniya xarici işlər naziri bildirib ki, göstərilən görüntülər İranı ittiham etmək üçün kifayət etmir.

 

Qeyd edək ki, ABŞ tərəfi 13 iyunda İranın sürətli qayıqlarının neft tankerlərindən birinə yaxınlaşması və gəmiyə yapışdırılan, lakin işə düşməyən minaların oradan ayrılmasını ehtiva edən video yayımlayıb. ABŞ tərəfi iddia edib ki, video İranın bu hücumda əli olmasını göstərir. Səudiyyə Ərəbistanı və BƏƏ də ABŞ-ın iddiasını dəstəkləyiblər.

 

Almaniya ilə yanaşı, gəminin məxsus olduğu Kokuka Courageous şirkətinin yaponiyalı rəhbəri də ABŞ-ın hücumla bağlı iddialarını təkzib edən fərqli ssenarilərdən söz açıb.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı ilk gündə keçirdiyi toplantı nəticəsiz qalıb. İran bu hücumu pisləyib və onun çox şübhəli hücum adlandırıb.