Səudiyyəli nazir Suriyada separatçı qüvvələrlə görüşlər keçirib

Əl-Ərəbiyyə telekanalı bildirib ki, görüşlərin bir neçəsi Dirazzurda əl-Öməri neft yataqları və təsisatlarının yerləşdiyi bölgədə keçirilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 14:50

Səudiyyə Ərəbistanın Fars Körfəzi məsələləri üzrə naziri Samir Sübhan, ABŞ dövlət katibinin müavini Geol Rabeun, ABŞ hərbi koalisiyasının baş müşaviri Vilyam Robak Suriyada kürd bölmələrinin nəzarətindəki bölgələrdə görüşlər keçiriblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın Fars Körfəzi məsələləri üzrə naziri Samir Sübhan ABŞ rəsmiləri ilə birgə Dirazzur əyalətində (əyalətin Fəratın şərq hissəsində olan bölgələri) yerli qəbilələr və yerli özünü idarəetmə qurumlarının məsul şəxsləri ilə toplantı keçiriblər.

 

Telekanal bildirib ki, toplantılarda İŞİD-in yenidən fəallaşmasının qarşısını almaq istiqamətində tədbirlərin görülməsi, yerli idarəetmə və icraetmə orqanlarına və bölgədə təlim və səhiyyə sahəsində layihələrə dəstəklərin verilməsi məsələləri müzakirə edilib.

 

Əl-Ərəbiyyə telekanalı bildirib ki, görüşlərin bir neçəsi Dirazzurda əl-Öməri neft yataqları və təsisatlarının yerləşdiyi bölgədə keçirilib.

 

Qeyd edək ki, Suriyada Fəratın şərq sahili kürd bölmələri və onların başçılıq etdiyi "Suriya Demokratik Qüvvələri"nin nəzarətindədir. Səudiyyə Ərəbistanın Fars Körfəzi məsələləri üzrə naziri Samir Sübhanın bölgəyə səfəri ikinci səfər hesab edilir. ABŞ və Səudiyyə Ərəbistanı rəsmilərinin kürd bölmələrinin nəzarətindəki bölgələrə səfəri Suriya hökuməti ilə yanaşı rəsmi Ankaranı da qıcıqlandırır.