Husilər Səudiyyə koalisiyasının mövqelərini Bədr-F ballistik raketilə vurub, onlarla ölü var

Bu zərbə nəticəsində qarşı tərəfdən 45 nəfərin öldüyü və onlarla digərinin yaralandığını bildirilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 09:15

Husilər və onlarla müttəfiq olan Yəmən Ordusu Səudiyyə Ərəbistanı - Yəmən sərhədində yerləşən əl-Buqa bölgəsini ballistik raketlərlə hədəfə alıblar.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin Baş Qərargahının (paytaxt Səna) mətbuat xidməti məlumat verib.

 

Bildirilib ki, sərhədyanı əl-Buqa bölgəsində Səudiyyə Ərəbistanı koalisiyasına tabe olan qüvvələrin mövqeləri yerli istehsallı Bədr-F ballistik raketilə hədəfə alınıb.

 

Bu zərbə nəticəsində qarşı tərəfdən 45 nəfərin öldüyü və onlarla digərinin yaralandığını bildirilib.

 

Qeyd edək ki, husilər və onlarla müttəfiq olan Yəmən Ordusu ötən həftə yeni kruiz raketi və pilotsuz təyyarələrini nümayiş etdirərək, hücumların davam edəcəyi təqdirdə Səudiyyə koalisiyasının mövqelərinin vurulacağını bildiriblər.