İran Hörmüzdə Britaniya gəmisini saxlamağı planlaşdırmadığını bildirib

İran gəminin sərbəst buraxılmayacağı təqdirdə cavab addımı atacağını demişdi...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 09:51

 İran İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz Qüvvələri son günlərdə Hörmüzdən keçmək istəyən Britaniya neft gəmisini saxlamaq niyyətində olmadığını bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

Sepah-ın mətbuat xidməti ötən gün ABŞ mediasının İranın Hörmüzdə Britaniya gəmisini saxlamağa cəhd etməsi ilə bağlı iddiaları təkzib edib və İran dəniz qüvvələrinin belə bir niyyətinin olmadığını bəyan edib.

 

Xatıladaq ki, BP-nin “British Heritage” adlı gəmisi ötən həftənin şənbə günü hərəkətə başlamalı olduğu Səudiyyə sahilində qalmağı üstün tutub. BP və gəmi heyəti  Fars Körfəzində bir yerdə və ya Hörmüz boğazında İran dəniz qüvvələri tərəfindən saxlanılmasından ehtiyatlanıblar. Buna görə, Britaniya Fars Körfəzində olan gəmisinin Hörmüzdən keçməsi üçün bölgəyə hərbi gəmi göndərib.

 

Bundan öncə isə, Britaniya dəniz qüvvələri ötən həftə Cəbəli-Tariq Muxtariyyətinin sahillərinə yaxın sularda İranın bir neft gəmisini saxlayıb. Britaniya iddia edib ki, İran Suriyaya neft daşımaqla Avropa ittifaqının rəsmi Dəməşqə qarşı sanksiyalarını pozur.

 

İran gəminin sərbəst buraxılmayacağı təqdirdə cavab addımı atacağını demişdi.