Livan hökuməti ABŞ-ın Hizbullahın deputatlarına qarşı sanksiyasını pisləyib

ABŞ Xəzinədarlıq Departamenti Hizbullaha yaxın deputatların seçkilər yolu ilə parlamentdə təmsil edildiyinə toxunmayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 15:14

Amerikanın Hizbullahı təmsil edən deputatlara sanksiyası bütün Livana və onun parlamentinə qarşı təcavüz deməkdir"

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Livan parlamentinin sədri Nəbih Birri deyib.

 

Livan baş naziri bu gün məsələyə münasibət bildirərkən, ABŞ-ın son sansksiyalarını Livana və onun parlamentinə qarşı təcavüz kimi qiymətləndirib.

 

ABŞ-ın addımının ağıllı olmadığını bildirən N. Birri Vaşinqtonun dünyada demokratiyaya qarşı bu kimi addımlarına görə ABŞ demokratiyasının sual altına getdiyini bəyan edib.

 

Eyni zamanda Livan prezidenti Mişel Oun da bu gün məsələyə münasibət bildirib və Amerikanın iki parlament nümayəndəsinə qarşı sanksiyasına görə təəssüf hissi keçirdiyini bildirib.

 

Qeyd edək ki, ABŞ Xəzinədarlıq Departamenti Livan Parlamentinin Hizbullaha yaxın olan iki deputatı Məhəmməd Həsən Rəd və Əmin Şirriyə sanksiya tətbiq edib.

 

ABŞ Xəzinədarlıq Departamenti livanlı deputatlara qarşı addımlarını, onların Hizbullahla əlaqələri, təşkilata qarşı sanksiyaları pozması, İran İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusu ilə münasibətlərilə əlaqələndirib.

 

ABŞ Xəzinədarlıq Departamentinin sanksiyalarına görə iki deputatın ABŞ-da olan əmlakı və hesablarına əl qoyula bilər və ABŞ qurumlarının bu şəxslərlə əməkdaşlığı qadağan edilir.

 

Qeyd edək ki, ABŞ Xəzinədarlıq Departamenti Hizbullaha yaxın deputatların seçkilər yolu ilə parlamentdə təmsil edildiyinə toxunmayıb.

 

ABŞ Xəzinədarlıq Departamentinin rəsmiləri sanksiya bəyanatına münasibət bildirərək, Livan parlamenti və hökumətinin digər rəsmilərinə də məsələ ilə bağlı xəbərdarlıq veriblər.