İran Brtaniyanın bir neft gəmisini saxlayaraq Bəndər-Abbas sahilinə aparıb

Britaniya hökumətinin Fövqəladə hallar komitəsi İranın bu addımından sonra təcili toplantı keçirib...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 10:44

İran İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) ölkənin Dəniz Nəqliyyatı və Limanlar İdarəsinin qərarı ilə Britaniyanın "Stena İmpero" neft gəmisini saxlayıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Britaniyanın Hörmüz boğazından keçən neft gəmisi ötən gün saxlanıldıqdan sonra Bəndər-Abbas sahilinə gətirilib.

 

İranın rəsmi qurumları bildirib ki, gəmi Hörmüzdə dəniz nəqliyyatı qaydalarına məhələ qoymayıb və bir ədəd kiçik ov gəmisi ilə toqquşub. Hadisənin səbəblərinin araşdırılması üçün gəmi göyərtəsində olan 23 xarici vətəndaşla birgə sahilə gətirilib.

 

Britaniya hökumətinin Fövqəladə hallar komitəsi İranın bu addımından sonra təcili toplantı keçirib.

 

Bundan savayı İran ötən gün "Mesdar" adlı daha bir Britaniya gəmisinin saxlanılması xəbərini təkzib edib. İran bildirib ki bu gəmi saxlanılıb və yoxlanıldıqdan sonra sərbəst buraxılıb.

 

Qeyd edək ki, Britaniya da cari ayın 4-də İranın iki milyon barel civarında neft daşıyan gəmisini Cəbəli-Tariq sahili yaxınlığında saxlamışdı. Britaniya iddia edir ki, bu gəmi Suriyaya neft aparmaqla Avropa Birliyinin rəsmi Dəməşqə qarşı sanksiyalarını pozub.