Bu il dünyada İT qurğularının tədarükü 3 faiz azalacaq

Tədqiqatda qeyd olunur ki, dünya mobil telefonlar bazarının həcmi 2020-ci ildə cüzi artaraq 1,77 milyard ədədə bərabər olacaq...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 12:07

"Gartner" analitik şirkəti kompüter, planşet və mobil telefonlar bazarının tədqiqatı üzrə nəticələri dərc edib. Ekspertlərin gözləntisinə görə, 2019-cu ildə belə qurğuların tədarükü 2,2 milyard ədədə çataraq 2018-ci illə müqayisədə 3,3 faiz azalacaq.

 

İnterAz Milli.Az-a istinadən bildirir ki, ən zəif tələbat mobil telefonlaradır. Bu il onların tədarükü 3,3 faiz azalaraq 1,7 milyard ədəd təşkil edəcək. Şirkətin tədqiqatlar üzrə direktoru Rancit Atvalın sözlərinə görə, bu, 2015-ci ilin göstəricisindən (1,9 milyard ədəd) 10 faiz azdır.

 

2023-cü ilin ortalarınadək smartfonların orta istismar müddətinin hazırkı 2,6 ildən 2,9 ilədək artacağı gözlənilir. Proqnoza görə, 2019-cu ildə smartfonların satışı 2,5 faiz aşağı düşəcək. Bu isə bazar tarixində ən böyük azalmadır.

 

Tədqiqatda qeyd olunur ki, dünya mobil telefonlar bazarının həcmi 2020-ci ildə cüzi artaraq 1,77 milyard ədədə bərabər olacaq. 2021-ci ildə isə tədarük 1,76 milyard ədədədək azalacaq.

 

Fərdi kompüterlərin tədarükünə gəldikdə, 2019-cu ilin yekunları üzrə onların qlobal miqyasda tədarük həcmi 257 milyon ədəd səviyyəsində gözlənilir. Bu, ötənilki göstəricidən 1 faiz azdır.

 

"ABŞ və Çin arasında davam edən ticarət münaqişəsi və potensial rüsum tətbiqi bu il fərdi kompüterlər bazarına təsir edə bilər", - R.Atval bildirib.